AZ EN

BEYNƏLXALQ XALÇA FEST

Missiya

İrsin sədası, toxuculara ehtiram – Bakının qədim şəhəri- İçərişəhərin qəlbində Missiyamızın kökləri 1983-cü ilə dayanır. Həmin il Heydər Əliyev UNESCO-nun dəstəyi ilə Bakıda Şərq Xalça Sənəti üzrə Birinci Beynəlxalq Simpoziuma rəhbərlik etdi. Onun uzaqgörən mədəni baxışı Azərbaycan xalçaçılığını milli kimliyin simvoluna çevirdi. Bu sənətimizin beynəlxalq səviyyədə tanınmasına, eləcə də Bakıdakı Xalça Muzeyi kimi mühüm mədəniyyət ocaqlarının yaradılmasına zəmin yaratdı.

Bakının qədim şəhəri- İçərişəhərin tarixi fonunda keçirilən Beynəlxalq Xalça Festivalı Azərbaycan mədəniyyətinin zəngin və davamlı ənənələrini təntənə ilə qeyd edir.

Festivalın keçirilməsi Xalçaçı Gününə təsadüf edir – Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə təsis olunmuş bu peşə bayramı nəsildən-nəslə ötürülən xalçaçılıq sənətini və bu sənəti yaşadan toxucuları dərin ehtiramla yad edir.

Sənətkarlara və qədim sənətə ehtiram Missiyamızın mərkəzində qədim ənənələri yaşadan toxucular dayanır. Onlar Azərbaycan və ümumilikdə bölgənin mədəni və bədii mənzərəsində mühüm rol oynayırlar. Festival yalnız onların peşəkarlığını və fədakarlığını deyil, həm də bu sənətin milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini vurğulayır.

UNESCO Təsdiqi: Qlobal İrsə Dəyər Azərbaycan xalçaçılıq sənəti və İçərişəhər UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, bu da onların dərin mədəni əhəmiyyətini göstərir. Bu il iki mühüm ildönümü qeyd olunur: İçərişəhərin siyahıya daxil edilməsinin 25 illiyi və Azərbaycan xalçaçılığının tanınmasının 15 illiyi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2010-cu ildə Azərbaycan xalçaçılıq sənətinin UNESCO tərəfindən siyahıya salınmasında əsas rol oynamışdır.

İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı Azərbaycan xalçalarının incə gözəlliyini və zəngin dünyasını qeyd etməklə yanaşı, bu unikal irsin dünyada daha dərindən öyrənilməsinə və qiymətləndirilməsinə töhfə verir.

Mədəni mübadilə və toxuculara dəstək Zəngin tarixi və rəngarəng mədəniyyəti ilə İçərişəhər canlı mədəni mübadilə məkanı kimi çıxış edir. Azərbaycanın və dünyanın müxtəlif guşələrindən gələn sənətkarlar burada öz toxuculuq üslublarını nümayiş etdirir və bir-birlərindən öyrənirlər. Festival çərçivəsində keçirilən interaktiv proqramlar, maarifləndirici tədbirlər və dinamik sərgilər bu ənənəvi sənətin gözəlliyini və mürəkkəbliyini hər yaşda olan iştirakçılara nümayiş etdirərək gələcək nəsil sənətsevərləri və ustaları ilhamlandırır.

Gəlin ənənəyə və irsə birgə dəyər verək Sizi Xalçaçı Günündə keçirilən Beynəlxalq Xalça Festivalına dəvət edirik! Gəlin birgə ənənəni qeyd edək, irsimizi qoruyaq və Azərbaycan xalçaçılığının gələcəyini birlikdə toxuyaq.

MR.entonee